• Rus Dili
  • Reklam
    » » Neft bahalaşır, manat niyə bahalaşmır?
    

    Neft bahalaşır, manat niyə bahalaşmır?

    5-03-2016, 10:46
    Oxunub: 515
    Şərhlər: 0
    Çap versiyası
    Neft bahalaşır, manat niyə bahalaşmır?
    Ekspertlər manatın dollar qarşısında dəyər qazanmamasının səbəblərini açıqlayırlar...
    Dünya bazarında neftin qiyməti bahalaşır. Artıq Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,21 dollar artaraq 34,78 dollar təşkil edib. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,08 dollar artaraq 37,15 dollar olub. Ancaq neftin bahalaşması fonunda manatın bahalaşması, dolların ucuzlaşması müşahidə edilmir. Ekspertlər musavat.com-a bunun səbəblərini açıqlayıblar.

    Ekspert Rəşad Həsənov məsələ ilə bağlı bildirib ki, neftin qiymətinin manata təsiri, göründüyü kimi, çox sadə deyil: “Neft dünya bazarlarında bir neçə dollar qalxıb. Burada neftin qiyməti və manatın məzənnəsi arasında münasibətlər uzunmüddətli dövr üçün effektivdir. Yəni satılan neft vəsaitlərindən daxil olan gəlirlər Dövlət Neft Fonduna daxil olur və fondun büdcəsi neftin qiymətinə uyğun olaraq formalaşdırılır. Yəni neftin qiymətinin gündəlik olaraq bahalaşması və yaxud da ucuzlaşması qısamüddətli dövrdə Neft Fondunun dövlət büdcəsinə qarşı öhdəliyini dəyişmir. Büdcə təsdiqlənərkən Neft Fondunun öhdəliyi 6 milyard tutulmuşdu. 2016-cı ildə əlavə dəyişiklik edilərək 7,6 milyard manata qədər artırıldı. Bu, fondun təxminən bazara 5 milyard dollar vəsait çıxarması deməkdir. Bu vəsaiti konvertasiya edəcək və dövlət büdcəsinə transfer edəcək. 5 milyard dollar Neft Fondunun 2014-cü ildə bazara çıxardığı vəsaitdən təxminən 2,5 dəfə aşağıdır. 2014-cü ildə 14 milyarda qədər dollar çıxarmışdı bazara. Bu, daxili bazarda dollar bolluğunun yaranmasına gətirib çıxarmışdı. Həmin dövrdə də manat öz mövqeyini qoruyub saxlayırdı. Çünki bazarda dollar bolluğu var idi. Bu gün üçün 5 milyard dollar daxili tələbatı ödəmir. Mərkəzi Bankın da demək olar ki, bazara çıxaracaq dolları yoxdur.

    Minimum həddə, 4 milyarda yaxın Mərkəzi Bankın ehtiyatı qalıb. Bu 4 milyard da manevr imkanlarını məhdudlaşdırır. Çox kiçik rəqəmdir ötən illə müqayisədə. 2014-cü ilin iyun ayı ilə müqayisədə təxminən 11 milyard dollara qədər azalıb. İndiki halda da nəzərə alsaq ki, ölkə müharibə vəziyyətində olan ölkədir. Eyni zamanda, Mərkəzi Bankın minimum ehtiyatları qorumağı vacib məqamlardan biridir. Bu baxımdan, Mərkəzi Bank bazarda iştirak edir.

    Məhz bu səbəbdən də dollar qıtlığı yaranır bazarda. Əvəzində də manatın ucuzlaşması prosesi davam edir. Bu təsir uzunmüddətli dövrü əhatə edir. Qısamüddətli dövrdə neftin bahalaşması öz təsirini göstərmir. Çünki neftin gündəlik satışından əldə olunan gəlirlər dövriyyəyə daxil olmayıb. O vəsaitlər bazara çıxarılıb konvertasiya olunmayıb. Uzunmüddətli dövrdə büdcə qarşısında öhdəliyi yerinə yetirmək məqsədilə bu vəsaitlər bazara çıxarılır. Əgər neftin qiyməti uzunmüddətli dövrdə sürətlə bahalaşarsa, o zaman təbii ki, dövlət büdcəsinə yenidən baxılacaq. Amma bahalaşma ehtimalı çox azdır.

    Bahalaşarsa, büdcənin xərcləri artrılacaq. Neft Fondundan da büdcəyə transferinin həcmi artırılacaq. Bu münasibətlər fonunda da Neft Fondu bazara daha çox dollar çıxaracaq və dollar bolluğu yaranacaq. Nəticədə manatın yenidən möhkəmlənməsi müşahidə olunacaq. Bu, uzunmüddətli dövr üçündür. Qısamüddətli dövrdə neftin qiyməti ilə bazarda manatın məzənnəsi arasında ciddi əlaqə yoxdur”.

    Ekspert Fikrət Yusifov isə qeyd edib ki, neftin qiymətlərinin dünya bazarlarında il yarım ərzində aşağı düşməsi ilk növbədə iqtisadiyyatı neftdən asılı olan ölkələrdə milli valyutaların məzənnəsində kəskin dəyişikliklərə səbəb olub: “Manatın məzənnəsinin aşağı düşməsi kimi proseslər daha kəskin şəkildə Rusiya rublu və ondan bir qədər aşağı səviyyədə Qazaxıstan təngəsi ilə də baş verdi. Keçən ilin dekabr ayındakı kəskin devalvasiyadan sonra manatın üzən məzənnəyə keçirilməsi, bundan sonra milli valyutanın məzənnəsinin daha real müəyyən edilməsi üçün bir yol açılması demək idi. İndi manatın möhkəm valyutaya nisbətən dəyəri idarə olunan üzən məzənnə ilə müəyyən edilir. Bu, o deməkdir ki, manatın məzənnəsində kəskin dəyişikliklərin qarşısını almaq məqsədilə zəruri ola biləcək hallarda Mərkəzi Bank bazara müdaxilə edə bilir. Neftin qiymətlərində hər hansı bir sıçrayışlı dəyişikliklər bazara öz təsirini göstərə bilər. Lakin son günlərdə neftin qiymətlərində baş verən müəyyən artımların manatın məzənnəsinə dərhal təsir edəcəyi real deyil. Bu qalxım zaman etibarı ilə bir qədər uzun müddət davam edərsə, onda məzənnə dəyişikliyi baş verə bilər. Manat neftin qiymətlərinin artıb-azalmasına həmən münasibət bildirmirsə, buna təccüblənmək lazım deyil. Çünki onun məzənnəsini neft qiymətlərinin bir neçə gün ərzində necə dəyişməsi deyil, ölkəyə konkret olaraq daxil olan və daxili bazara çıxarıla bilən valyuta kütləsi müəyyən edir”.

    Röya RƏFİYEVAскачать dle 10.6фильмы бесплатно
    <
    Məqalənin reytinqi:
      
    Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.